Elektrik avtomobilləri 15 dəqiqədə enerji yığacaq

Elektrik avtomobillərinin yeni nəsli yanacaq doldurma məntəqəsində qaz yüklənməsinə sərf olunan vaxta bərabər müddətdə enerji yığa bilər.

İnsider.az CNN.com-a istinadən xəbər verir ki,  “BMW”, “Porsche” və “Siemens” də daxil olmaqla bir sıra şirkətlər sürətli enerji yığmaq prosesini reallığa çevirən texnologiyanı inkişaf etdirdiklərini bildiriblər.

Onlar 450 kilovatlıq enerji stantsiyasını istifadəyə veriblər. Belə ki, 100 kilometr məsafəni qət etmək üçün lazım olan enerjinin yığılması üçün cəmi 3 dəqiqə lazımdır. Tam şəkildə enerji yığılması üçün 15 dəqiqə vaxt lazım gəlir.

Faraday İnstitutunda texnologiya transferinin rəhbəri İan Ellerinqton bildirib ki, bu texnologiya hazırda mövcud olandan daha üstündür. Lakin ümumi istifadəyə verilməzdən öncə həll edilməli bir çox məsələlər var.

"450 kilovat “Tesla”nın 120 kilovatlıq super enerji yığanlarından daha sürətlidir. Prinsipcə,  o, sürətli enerji yığanlardan 10 dəfə güclüdür”-deyə o əlavə edib.

Uzun müddətdə enerji yığılması  bazardakı elektrik avtomobillərinin əsas çatışmayan cəhətidir. Bu avtomobillər evdə enerji yığdıra bilməyən sahibləri üçün də əlverişli deyil. Ellerinqtonun sözlərinə görə, yeni qurğular bu problemin həll edilməsinə kömək edəcək.

Lakin yeni enerji yığdıran qurğuların  praktik olması üçün daha çox inkişafa ehtiyacı var. Ellerinqtonun fikrincə, artan gücü idarə edə bilən avtomobillərin istehsalı labüddür.

“Mən hesab edirəm ki, bazarda bu gücü qəbul edə bilən avtomobil yoxdur”, - deyə o vurğulayıb.

Qeyd edək ki, 450 kilovat enerjinin yığılması üçün “BMW” və “Porsche” xüsusi avtomobilləri dizayn edərək testdən keçirib.

 London Universitetinin professoru Keyt Pullen hesab edir ki, super sürətli enerji yığılmasının çatışmayan cəhətləri var.

“Əgər batareyanı sürətli enerji ilə təmin edirsənsə, bu, onu zədələyə bilər”, - deyə o vurğulayıb.

Mühəndislərin digər problem də həll etməsinə ehtiyac duyulur. Sürətli enerji yığdıran qurğular üçün yüksək səviyyədə enerji tələb edilir. Pullen bildirib ki, 20 enerji stansiyası 6 meqavat enerji istifadəsi deməkdir. Bu isə kiçik şəhərin istifadə etdiyi enerjiyə bərabərdir.