12 baş qoyunla «Galenvagen» almaq olarmı?

Son vaxtlar Azərbaycanda kənd təsərrüfatının və kənd həyatının populyarlaşması nəticəsində iş adamları bu sahədə gəlirli bizneslər axtarışındadır.

 

FED.az xəbər verir ki, kənd təsərrüfatında ən gəlirli sahələrdən biri də heyvandarlıq, o cümlədən xırda buynuzlu mal-qaranın (qoyun-keçi) yetişdirilməsidir.

 

Bəzi heyvan növləri öz göstəriciləri və artım imkanları ilə iş adamlarına böyük gəlir vəd edirlər.

Bunlardan biri də Rusiyanın «Romanov» qoyun cinsidir. FED.az Aqrobiznes.az saytına istinadən bu qoyun cinsi ilə biznes qurmaq imkanını təqdim edir. Saytın eksperti yazır ki:

«Bir ara yerli heyvan cinsləri ilə xarici cinslərin müqayisəli təhlilini apararkən, düşünürdüm ki, əcnəbilər bizi çox ötüb keçib. Məsələn, yerli keçilər 1 litr süd verir, saanen, hələb keçiləri 3-5 litr. Yerli qoyunlar ildə 2-3 bala verir, «Romanov» qoyunları 5-7 bala və sair. Çəkidə də fərq çoxdur. Elə bu nüanslar da insanlar arasında «Romanov» qoyunu, «Linda» qazı kimi miflərin yaranmasına səbəb olur.

Hərçənd «Romanov» qoyunu biznes kimi pis deyil. Hətta forumların birində yazırlar ki, 10 dişi 2 erkəklə sürü alıb 2 ilin sonunda «Galenvagen» sahibi ola bilərsiniz.

Nəzəri olaraq, bəli, bu mümkündür. Nəzəri olaraq yerli heyvan da 100 baş sürü ilə sonunda 10-15 min qazanc verməlidir. Amma hələ ki, biznesə başlayandan sonra belə nəticə alan görməmişəm.

Tam əksinə, «Romanov»la başlayıb sonra yerli «qaradolaq» cinsinə keçənlər tanıyıram.

Bunun da səbəbləri var.

Əvvəla, «Romanov» quzuları çox kiçik olur. Bu quzuları normal satış çəkisinə gətirmək həm baha başa gəlir, həm məşəqqətlidir. Bir nüans da budur ki, bu qədər balanı yedizdirmək üçün qoyunun öz südü də kifayət etmir. Quzular arasında ölüm-itim də çox olur. Onlar yazda səhər-axşam otlağa çıxarılmalıdırlar və bu zaman ayaqları zədələnə bilər, deyə sürü diqqətlə izlənməlidir. Ayaqlarına daş, tikan batıb sonradan iltihablana bilər. Bu zaman onları zəfəranlı su ilə dezinfeksiya etmək lazımdır.

 

Bəzi məlumatlara görə, «Romanov» qoyunları Rusiyada həqiqətən silahlı mühazə ilə qorunur və onların xaricə satışı qadağandır. Peşəkar ədəbiyyatda «Romanov» qoyunlarının ildə 7-8 bala verdiyi də yazılır. Quzular isə artıq 4 aylığında cütləşməyə hazır olur. İlin bütün dövründə cütləşir. Adətən ildə 2 dəfə bala verir, hərəsində üç və ya dörd ədəd. Uzun müddət (12 il) damazlıq kimi saxlamaq olur.

Əti də yerli qoyun əti kimi qoxulu deyil, daha ləzzətlidir.

Belə bir hesab da var «Romanov» qoyunu satanlar tərəndən: Bu ilin axırına kimi bala verəcək 2 yaş yarımlıq 10 ədəd boğaz «Romanov» qoyununa və 2 baş «Romanov» qoçuna xərcləyəcəyiniz məbləğ – 12 x 700 = 8400 AZN-dir.

Qarşıdakı 15 ayda onlara xərclənəcək məbləğ – 7600 AZN

 

Cəmi məbləğ – 16000 AZN

 

15 aydan sonra satışdan gələn pul (irili- xırdalı, təxmini satış) 100 qoyun x 500 manat = 50 000 AZN

50 000 – 16000 = 34 000 AZN

 

Yəni 10 dişi 2 erkəklə romanov biznesi başlasanız 15 aydan sonra 34 min qazanacaqsınız.

 

Amma burda ancaq yem xərci hesablanıb. Çoban tutsanız bu məbləğdən onun maaşını da çıxmalısınız.  Ayrıca «Romanov» qoyunlarına hər baytar baxa bilmir. Onların yerli iqlimə alışması da vaxt alır.

 

Hər halda bu işə başlayıb buraxanlar da, davam edənlər də var.

 

Demək istədiyim odur ki, aqrar sahədə hər biznes yaxşıdır, amma super (yəni sürətli və böyük gəlir gətirən) biznes yoxdur.

Çəkilən əziyyət və elm nəticəsində qazanc əldə edirsiniz, vəssalam».